SİYASƏT
Romas Bubnyalis: Azərbaycan Prezidentinin Bakı Konqresinin açılışındakı nitqi bizə çox güclü təsir bağışladı
Vilnüs, 26 noyabr, AZƏRTAC
Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə keçdi.
Litvanın ELTA xəbər agentliyinin baş direktoru Romas Bubnyalis bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.
Baş direktor qeyd edib ki, bu cür yüksək səviyyəli Konqresdə ilk dəfə iştirak edib. Başqa ölkələr Azərbaycanın bu cür yüksək səviyyəli təşkilatçılığını təkrarlamaq üçün çox çalışmalı olacaqlar.
Bakıda gördüklərinə heyranlığını gizlətməyən R.Bubnyalis bildirib ki, Azərbaycana gəldiyi ilk dəqiqədən burada yüksək diqqət, səmimiyyət hiss edib.
Baş direktor Azərbaycan Prezidenti İlham Əliyevin Konqresin açılış mərasimindəki nitqinin tədbir iştirakçılarına çox güclü təsir bağışladığını vurğulayıb: “Mən sizin lideri özüm üçün yenidən kəşf etdim. Dövlət başçısı əzbərlənmiş sözlər demirdi. O, dərin məzmunu ilə fərqlənən nitqində dövlətçilik baxımından strateji əhəmiyyətə malik olan bir sıra məsələlərə toxundu. Prezident Azərbaycanın qazandığı uğurlara, öz xalqına görə qürur duyduğunu nümayiş etdirdi. Sizin dövlətinizin fəxr etməyə haqqı var. Bu gün sizin ölkəniz çiçəklənmə dövrünü yaşayır. Bu, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub”.
ELTA agentliyinin baş direktoru Azərbaycanın paytaxtı haqqında təəssüratlarını bölüşərək deyib: “Bakıda mən insanların təbiətə sevgisinin, ona estetik münasibətin şahidi oldum. Bakı bulvarının təmizliyi, səliqəsi bizə unudulmaz təsir bağışladı. İstərdim ki, Bakıya bir də gedim, yay vaxtı Bakı parklarını görüm.
Azərbaycan paytaxtının nadir arxitekturası bizi heyran etdi. Mənim fikrimcə, Bakıdakı müasir binalar əsl memarlıq inciləridir”.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs