İDMAN


Ronaldinyo: Bakıda olmaqdan çox məmnunam VİDEO

A+ A

Bakı, 20 oktyabr, Elşad Qəzvini, AZƏRTAC

“Qəbələ” idman klubunun dəvəti ilə ölkəmizdə səfərdə olan braziliyalı məşhur futbolçu, dünya çempionu Ronaldinyonun oktyabrın 20-də Bakı Olimpiya Stadionunda mətbuat konfransı təşkil edilib.

AZƏRTAC xəbər verir ki, konfransda AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” idman klubunun prezidenti Tale Heydərov, “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov iştirak ediblər.

Braziliya millisinin və “Barselona”nın keçmiş futbolçusu ölkəmizlə bağlı daim xoş sözlər eşitdiyini vurğulayaraq deyib: “Bakıya dünən axşam gəlmişəm. Azərbaycan mətbəxini çox sevdim. Şəhəri gəzməyə hələ vaxtım olmayıb. Buradan çıxdıqdan sonra şəhərlə daha yaxından tanış olacağam. Bilirəm ki, Azərbaycan çempionatında braziliyalı futbolçular çıxış edirlər. Təxminən bir ay əvvəl “Qəbələ” klubunun rəhbərliyi ilə futbol akademiyasının açılışına dair danışıqlara başladıq. Ümumiyyətlə, Azərbaycanda olmaqdan çox məmnunam”.

Futbol Akademiyası barədə danışan ulduz futbolçu deyib: “Akademiyada məşq edəcək oyunçulara əlimdən gələn köməyi etməyə çalışacağam. Gələcəkdə də onlara dəstək olacağam”.

Peşəkar futbolçu kimi yetişməsinin, karyerasında qazandığı uğurların gərgin məşqlərin nəticəsində olduğunu deyən Ronaldinyo gələcəkdə Braziliya ilə Azərbaycan millilərinin yoldaşlıq görüşünün təşkilində vasitəçilik etməyə çalışacağını bildirib: “Bilirəm ki, Azərbaycan millisi seçmə mərhələdə 7 xal toplayıb. Buraya gələrək, yerli futbolla yaxından maraqlanmaq istədim. Milli komandaların yoldaşlıq oyunu ilə bağlı vasitəçilik etməyə çalışacağam. Əsas odur ki, bu məsələyə milli komandalar razı olsunlar”.

Hindistanda futzal çempionatında çıxışı ilə bağlı suala cavabında Azərbaycandan da belə təklif gələrsə onu dəyərləndirə biləcəyini vurğulayan futbolçu qeyd edib: “Niyə də yox? Hələ futbol karyeramı bitirib-bitirməyəcəyimlə bağlı qərar verməmişəm. Bu barədə qərarı ilin sonunda verəcəyəm. Ola bilsin ki, vida görüşü keçirdim”.

Hazırda 36 yaşında olan Ronaldinyo əvvəllər Braziliyanın “Flamenqo”, “Qremio”, İtaliyanın “Milan”, İspaniyanın “Barselona”, Fransanın “PSJ” klublarında çıxış edib. O, 2002-ci ildə Braziliya millisinin heyətində dünya çempionu, 2006-cı ildə isə “Barselona” komandasında UEFA Çempionlar Liqasının qalibi olub.

Son illər Ronaldinyonun karyerası elə də uğurlu alınmayıb. Ötən ilin martında Meksikanın “Keretaro”, həmin ilin iyulunda Braziliyanın “Fluminense” klubu onu heyətdən kənarlaşdırıb. Bu ilin iyulunda isə Ronaldinyo Hindistanın futzal liqasında iştirak edib və 500 min dollar qonorar alıb. Hazırda o, “Barselona” klubunun dünyada səfiri vəzifəsini də icra edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.