İDMAN
Ronaldinyo: Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var
Bakı, 7 fevral AZƏRTAC
Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim.
AZƏRTAC xəbər verir ki, bu sözləri Braziliya millisinin və “Barselona”nın sabiq yarımmüdafiəçisi, məşhur futbolçu Ronaldinyo katalon klubunda forma geyən Neymar və Lionel Messi haqqında danışarkən deyib.
Ronaldinyo bildirib ki, Neymar dünyanın ən istedadlı ulduz futbolçularından biridir. Daha bir braziliyalının tarix yazmasını müşahidə etmək insana zövq verir. Romario, Rivaldo və Ronaldo “Barselona”da mənim üçün qapı açdılar. Mən isə bunu Neymar üçün etdim. Braziliyalıların “Barselona”dakı uğurlarını görmək məmnunluq doğurur. Bizim “Barselona”da qazandığımız nailiyyətləri hazırda Neymar təkrarlayır.
Lionel Messinin dünyada ən güclü və müqayisəedilməz futbolçu olduğunu deyən Ronaldinyo bildirib: “O, meydançaya ilk dəfə çıxdığı gündən bəri dəyişməz olaraq qalıb və özünü oyuna həsr edir. Messinin “Barselona”nın əsas heyətində vurduğu ilk qol futbol tarixində yeni səhifə açdı. Ona ötürməni mən vermişdim və çox şadam ki, Messinin peşəkar futbolda ilk addımlarını atmasında mənim də payım var”.