İDMAN
Ronaldu: Bilirəm ki, Raulun rekordunu təzələyəcəyəm
Madridin “Real” klubunun futbolçusu Kriştianu Ronaldu Çempionlar Liqasının qrup mərhələsində “Liverpul” ilə matçdan (3:0) sonra qeyd edib ki, bombardir kimi rekord müəyyən edəcəyinə arxayındır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Ronaldu rekordu təzələyəcəyinə əmindir.
BBC agentliyi portuqaliyalı futbolçunun bu sözlərini sitat gətirir: “Bu, mənim “Enfild” stadionunda vurduğum ilk qol oldu. Özümü son dərəcə xoşbəxt hiss edirəm. Bu stadionda oynamağın asan olmayacağını başa düşürdük, lakin görüşün ilk 45 dəqiqəsini fantastik səviyyədə keçirdik və layiqli qələbə qazandıq.
Çempionlar Liqasının bombardiri kimi rekord müəyyən edəcəyimə çox da şübhə etmirəm. Bilirəm ki, bu rekordu təzələyəcəyəm. Lionel Messi və mən rekorda çox yaxınıq.
İndi əsas məsələ “Real”ın 9 xal yığmasıdır. Biz öz titulumuzu qoruyub saxlaya biləcəyikmi? Niyə də yox? Biz matçdan-matça irəliləyirik, lakin Çempionlar Liqasında yenidən qalib gəlməyə çalışacağıq”.
Madridin “Real” komandasının hücumçusu Kriştianu Ronaldu Çempionlar Liqasının ən yaxşı bombardiri olmaq üçün 2 qol vurmalıdır. Hazırda bu rekordun sahibi Rauldur. O, Çempionlar Liqasında 71 qol vurub.