İQTİSADİYYAT
Rosen Plevneliev: Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 20-də Bakıda “Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz dəhlizinin təməlinin qoyulmasına həsr olunan təntənəli mərasimdəki çıxışında Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliev söyləyib.
“Bu səbəbdən Bolqarıstan bu layihələrin - Türkiyə, Yunanıstan, Serbiya və Rumıniya ilə birləşdirici kəmərlərin inşasına sadiqdir. Tezliklə bu layihələr həyata keçəcək və 2016-cı ilə qədər biz Yunanıstan ilə birləşdirici kəmərin inşasını başa çatdıracağıq. Burada bütün zəruri maliyyə resursları cəlb edilib. Biz türkiyəli həmkarlarımızla çalışırıq ki, Türkiyə ilə Bolqarıstanı birləşdirən kəmər ən qısa vaxtda inşa edilsin” - deyə Bolqarıstan Prezidenti bildirib.
Rosen Plevneliev qeyd edib ki, Azərbaycan bütün dövrlərdə çox etibarlı və dəyərli tərəfdaş olub. “Bolqarqazneft” şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) arasında imzalanmış sazişə əsasən 2019-cu ildən Bolqarıstana ildə 1 milyard kubmetr qaz nəql ediləcək. Biz fərəhlənirik ki, bu layihənin tərkib hissəsiyik və buradan qaz alacağıq. Azərbaycan qazını toplayaraq onu paylamaq nəticəsində tranzit ölkəyə çevriləcəyik. Eyni zamanda, Azərbaycanın xarici bazarlara çıxışını təmin edəcəyik.