DÜNYA
“Rosneft”in səhmlərinin 19,5 faizi 10,5 milyard avroya satılıb
Bakı, 8 dekabr, Nihad Budaqov, AZƏRTAC
Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft” şirkətinin səhmlərinin 19,5 faizlik hissəsi 10,5 milyard avroya İngiltərə-İsveçrə tərəfdaşlığında qurulan “Glencore” və Qətər dövlət fondundan ibarət konsorsiuma satılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
Açıqlamada deyilir ki, “Rosneft”in idarə heyətinin sədri İqor Seçin tərəfindən Rusiya Prezidenti Vladimir Putinə verilən məlumata görə, ümumilikdə 10,5 milyard avroluq səhm satışının dünya enerji sektorunda bu il reallaşdırılan ən böyük satış əməliyyatı olduğu qeyd edilib.
“Rosneft” gündəlik 5 milyon barrel neft istehsal edir. Bu müqavilə Ukrayna böhranından bu vaxtadək Rusiyaya gələn ən böyük xarici investisiya olacaq.