DÜNYA
“Rossiya 1” kanalında Vladimir Putinin hakimiyyətə gəlişinin 15-ci ildönümünə həsr olunan film göstərilib
Moskva, 27 aprel, AZƏRTAC
“Rossiya 1” telekanalında Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlişinin 15-ci ildönümünə həsr olunan “Prezident” filmi nümayiş etdirilib. Filmdə 15 il ərzində Rusiyada baş verən əsas siyasi və ictimai hadisələrdən bəhs edilir.
Rusiya Prezidenti filmdə Şimali Qafqazda antiterror əməliyyatlarından ətraflı söhbət açıb.
Vladimir Putin 1999-cu ildə Rusiyanı faktiki olaraq oliqarxların idarə etməsi fikri ilə razılaşaraq deyib ki, keçmiş Prezident Boris Yeltsin onun ölkə başçısı vəzifəsinə namizədliyini irəli sürəndə hətta bəziləri ona açıq şəkildə heç vaxt prezident olmayacağını eşitdirirdi. “Bəs oliqarxları yerinə necə oturtdunuz?” sualına cavabında Vladimir Putin “müxtəlif vasitələrlə” deyə cavab verib.
Rusiya Prezidenti SSRİ dağılandan və Kommunist Partiyasının monopoliyası aradan qalxandan sonra Qərblə münasibətlərin yaxşılaşacağını düşündüyünü söyləyərək qeyd edib ki, əslində heç nə dəyişmədi, çünki heç bir ideologiya ilə əlaqəsi olmayan geosiyasi məsələlər var. Rusiya Prezidenti məşhur mafiya başçısı Al Kaponinin sözlərini misal gətirərək beynəlxalq münasibətlərdə “Xoş söz və silah” düsturunun daha səmərəli olduğunu diqqətə çatdırıb.
Dövlət başçısının fikrincə, “Qərb Rusiyanı yalnız humanitar yadım göndərəndə sevir. Bu ölkələrin hakim dairələri, siyasi və iqtisadi elitası biz kasıb, yoxsul olanda, onlara əl açanda sevirlər. Biz öz maraqlarımızı irəli sürən kimi onlar geosiyasi rəqabət elementlərini sezirlər. Bu, kimin xoşuna gələr?”.
Prezident Dubrovkadakı teatr mərkəzində və Beslanda törədilmiş terror aktlarını ölkəyə rəhbərliyi dövrünün ən ağır hadisələri adlandırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva