SİYASƏT


“Rossiya 24” telekanalı Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü barədə reportaj yayımlayıb VİDEO

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

Rusiyanın “Rossiya 24” telekanalında Azərbaycan, İran və Rusiya dövlət başçılarının Bakıda keçirilən üçtərəfli Zirvə görüşü barədə reportaj yayımlanıb.

Reportajda üçtərəfli görüşün əsas mövzusunun “Şimal-Cənub” layihəsi olduğu qeyd edilir. Bildirilir ki, bu, Hindistanın Mumbai limanını Sankt-Peterburqla birləşdirəcək 7200 kilometrlik nəqliyyat dəhlizidir.

Reportajın müəllifi Azərbaycanın mədəniyyətlərin və ticarət yollarının qovuşuğunda yerləşdiyini bildirir. Qeyd edir ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Hindistandan yükləri İrana, oradan Azərbaycana, daha sonra isə Rusiya vasitəsilə ya Qərbi Avropaya, ya da Skandinaviya ölkələrinə çatdıracaq. Reportajda Azərbaycan, İran və Rusiya prezidentlərinin layihənin əhəmiyyəti və perspektivləri barədə sammitdəki çıxışlarından sitatlar gətirilir.

Müəllif Biləcəri dəmir yolu stansiyasından bəhs edərək Azərbaycanın ən böyük stansiyalarından birində yük qatarlarının formalaşdığını xatırladır. Qeyd edir ki, bu xətlər də böyük nəqliyyat dəhlizinin bir hissəsi rolunu oynayacaq.

Vurğulanır ki, yeni dəhliz Bakı üçün təkcə tranzit yolu deyil. Bu, eyni zamanda, Azərbaycanın özünün geniş ticarət aparmaq imkanlarına malik olduğunu göstərir. Bu sözlərlə Bakı bazarlarındakı görüntülərə keçən jurnalist ölkədə meyvə, tərəvəzin bolluq təşkil etdiyini və bazara məhz Azərbaycanın öz regionlarından məhsul gətirildiyini diqqətə çatdırır.

Süjetin sonunda jurnalist Bakı Beynəlxalq Ticarət Limanı haqqında da danışır, Azərbaycanın paytaxtının regional mərkəzə çevrildiyini qeyd edir. Bu infrastruktur layihəsi üzrə işlərin əsas hissəsinin iki ildən az bir müddətə başa gəldiyi və hər gün limana çoxlu sayda gəmilərin yan aldığı vurğulanır. “Perspektivli nəqliyyat arteriyası təkcə tranzit dəhlizi rolunu oynamır. Eyni zamanda, bu layihə sayəsində Moskva ilə Bakı bir-birinə yaxın olacaq”, – deyə müəllif reportajını tamamlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.