CƏMİYYƏT
“Rossiya seqodnya” beynəlxalq agentliyi AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbirinin müsahibəsini dərc edib
Bakı, 3 mart, AZƏRTAC
“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin “Rossiya dlya vsex” portalı AZƏRTAC-ın 95 illiyi ilə əlaqədar AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri, Azərbaycanın Əməkdar Jurnalisti Fəridə Abdullayeva ilə müsahibə dərc edib (http://azj.rus4all.ru/interview/20150303/725745765.html ).
Müsahibədə respublikanın dövlət informasiya agentliyinin yaranması və inkişafı tarixindən, son illər AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun rəhbərliyi altında agentliyin qazandığı nailiyyətlərdən və beynəlxalq əlaqələrindən, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində AZƏRTAC-ın rolundan ətraflı bəhs olunur. AZƏRTAC-ın Rusiyanın aparıcı TASS informasiya agentliyi ilə, ölkənin siyasi və ictimai təşkilatları, ali məktəbləri ilə sıx əlaqələri, Azərbaycan diaspor təşkilatlarının, xüsusən Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin işinin işıqlandırılması xüsusi qeyd edilir.
AZƏRTAC-ın Rusiyadakı xüsusi müxbiri müsahibəsində yazır: “Sonda qeyd etmək istəyirəm ki, bu günlərdə agentliyin 95 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev AZƏRTAC-ın bir qrup əməkdaşına fəxri adların verilməsi və onların “Tərəqqi” medalı ilə mükafatlandırılması haqqında sərəncamlar imzalayıb. Bu, kollektivimiz üçün nəinki böyük şərəf, həm də çox böyük məsuliyyətdir. Kollektivimizin qarşısında çoxillik ənənələri daha da möhkəmləndirmək və inkişaf etdirmək vəzifəsi durur. Qoy həmişə “AZƏRTAC xəbər verir...” sözlərindən sonra yer kürəsində yaşayan bütün xalqların nailiyyətləri, qələbələri, sülh və dostluğu, sevgi və tərəqqisi haqqında informasiyalar yayılsın”.