MƏDƏNİYYƏT
Rostropoviçlər ailəsinin Polşa izləri
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında fevralın 10-da Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov fevralın 21-də Rostropoviçlər sülaləsinin Polşada yaşadığı Tereşin qminasına səfər edib və qmina rəhbəri Marek Olexovski ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, M.Olexovskiyə Azərbaycan Prezidenti İlham Əliyevin Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı Sərəncam barədə məlumat verilib. Qeyd edilib ki, dövlətimizin başçısı tərəfindən göstərilən bu diqqət Rostropoviçin müstəsna bir şəxsiyyət olmasının göstəricisidir.
Mstislav Rostropoviçin həyat və yaradıcılığı, Azərbaycan musiqisinin inkişafına verdiyi misilsiz töhfələr və müstəsna xidmətlərindən danışan səfir birgə yubiley tədbirlərinin Polşada, Rostropoviçlər sülaləsinin doğma şəhəri Tereşində keçirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb.
Təklif qmina rəhbərliyi tərəfindən müsbət qarşılanıb və bu istiqamətdə birgə fəaliyyət göstəriləcəyi və müvafiq tədbirlərin təşkil ediləcəyi bildirilib.
Tereşin qminasında olduğu müddətdə səfir şəhər sakinləri qarşısında çıxış edərək Azərbaycanın tarixi, müasir dövrü, Azərbaycan-Polşa əlaqələri haqqında iştirakçılara geniş məlumat verib.