İQTİSADİYYAT


Rövnəq Abdullayev: İndiyədək 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb

A+ A

Bakı, 14 oktyabr, Nihad Budaqov, AZƏRTAC

SOCAR-ın Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsi keçirilib və ümumilikdə 1918 tələbə SOCAR təqaüdünə layiq görülüb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev oktyabrın 14-də şirkətin Daxili Təqaüd Proqramının qaliblərinə plastik kartların və “Yay məktəbi-2016” layihəsinin iştirakçılarına sertifikatların verilməsi mərasimində deyib. Mərasimdə ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının rektorları, Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri və SOCAR-ın rəhbərliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə SOCAR-da gənclərlə bağlı həyata keçirilən layihələrə həsr olunan videoçarx nümayiş etdirilib.

SOCAR-ın prezidenti R.Abdullayev qarşıdan gələn 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibətilə tədbir iştirakçılarını təbrik edib, son illər neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib.

O, Prezident İlham Əliyevin tapşırığı əsasında gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində SOCAR-da həyata keçirilən layihələrdən söz açıb, gənclərin müasir elmi və təcrübi biliklərə həvəsləndirilməsi məqsədi daşıyan Təqaüd Proqramlarının əhəmiyyətini xüsusi vurğulayıb.

SOCAR-ın prezidenti Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 19 seçim müsabiqəsinin keçirildiyini, ümumilikdə 1918 tələbənin SOCAR təqaüdünə layiq görüldüyünü deyib. R.Abdullayev 2010-cu ildən etibarən yerli və xarici universitetlərin azərbaycanlı tələbələri üçün keçirilən “SOCAR Yay Məktəbi” layihəsinin də gənclər arasında populyar olduğunu söyləyib, gənclərin əhatə dairəsinin genişlənməsində, dünyagörüşlərinin artırılmasında, onların neft sənayesi haqda dolğun informasiya əldə etməsində bu layihənin əhəmiyyətini yüksək qiymətləndirib. SOCAR-da ehtiyac duyulan ixtisaslar üzrə istedadlı və perspektivli gənclərin şirkətin vəsaiti hesabına xarici ölkələrin aparıcı universitetlərində təhsilini təşkil etmək məqsədilə Təqaüd Proqramı çərçivəsində həyata keçirilən işlərin də uğurla davam etdirildiyini vurğulayan SOCAR-ın prezidenti bildirib ki, indiyədək bu proqram üzrə 275 gəncin dünyanın ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib. 209 təqaüdçü təhsilini müvəffəqiyyətlə bitirib Vətənə qayıdıb və SOCAR-da uğurla fəaliyyət göstərir. 32 təqaüdçü isə hazırda təhsilini davam etdirir.

R.Abdullayev qeyd edib ki, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi neft sənayesi və digər sənaye sahələri üçün yüksək ixtisaslı fəhlə kadrların hazırlanması, peşələr üzrə təlim-tədrisin beynəlxalq standartlar səviyyəsində qurulması istiqamətində mühüm işlər görür. İndiyədək idarənin tərkibində fəaliyyət göstərən təlim mərkəzlərinin 841 məzunu öz peşələri üzrə SOCAR-ın müəssisə və təşkilatlarında işlə təmin olunub.

O, şirkətin Müsabiqə Komissiyasının qərarına əsasən, SOCAR-ın təqaüdünə layiq görülmüş 77 tələbəni, eləcə də “Yay məktəbi – 2016” layihəsinin 30 iştirakçısını təbrik edib, onlara təhsildə və gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıb.

Mərasimdə şirkətin İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli slaydlar vasitəsilə SOCAR-ın həyata keçirdiyi kadr hazırlığı siyasətindən ətraflı bəhs edib, bu sahədə qazanılan uğurlardan danışıb. Bildirib ki, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədilə Azərbaycanda neft-qaz ixtisasları üzrə ali təhsil alan tələbələr üçün reallaşdırılan Daxili Təqaüd Proqramı çərçivəsində indiyədək 175 təqaüdçü “Gənc mütəxəssis” statusu ilə SOCAR-ın strukturlarında ixtisaslarına uyğun işlə təmin olunub. 2015-2016-cı tədris ili üzrə keçirilmiş müsabiqəyə isə 2 min 26 əlaçı tələbə müraciət edib, onlardan 1571 nəfəri test imtahanında iştirak etmək hüququ qazanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilmiş test imtahanı (məntiqi təfəkkür) və SOCAR-ın Müsabiqə Komissiyasının üzvləri ilə müsahibədə uğur qazanmış 77 tələbə, o cümlədən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 47, Qafqaz Universitetinin 16, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 6, Bakı Dövlət Universitetinin 2, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2, Azərbaycan Dövlət İqtisad Universitetinin 1, Azərbaycan Texniki Universitetinin 1, “ADA” Universitetinin 1 və Xəzər Universitetinin 1 tələbəsi şirkətin təqaüdçüsü adına layiq görülüb. Təqaüdçülərdən 46 nəfəri ilk dəfə SOCAR-ın təqaüdünə layiq görülüb.

A.Bəkirli “Yay Məktəbi” layihəsinə indiyədək 2 min 490 nəfərin müraciət etdiyini, onlardan 272 nəfərinin layihədə iştirak etmək hüququ qazandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, təqaüdçü gənclər və digər qonaqlar ölkəmizdə uğurla həyata keçirilən enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlərdən, neft kapitalının insan kapitalına transformasiyası prosesindən danışıblar. Natiqlər müasir tələblərə cavab verən, geniş bilik və dünyagörüşünə malik kadrların hazırlığı, gənc nəslin keyfiyyətli, beynəlxalq standartlara uyğun təhsil alması istiqamətində SOCAR-ın həyata keçirdiyi layihələri yüksək qiymətləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.