İQTİSADİYYAT


Rövnəq Abdullayev: SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkənin ən böyük xarici investoru olub.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 10-da İstanbulda 23-cü Dünya Enerji Konqresi öz işinə başlayıb. 100-dən çox ölkəni və 3 mindən çox təşkilatı əhatə edən Dünya Enerji Şurasının təşəbbüsü ilə keçirilən bu mötəbər tədbirdə əsas məqsəd enerji qaynaqları ilə zəngin olan ölkələri bir araya gətirmək, yeni nəsil enerji mənbələrinin müəyyən edilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin qarşıda duran əsas hədəflərdən biri olduğunu vurğulamaqdır. “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən konqresdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev də çıxış edib. O, bildirib ki, beynəlxalq əməkdaşlığın güclənməsi, davamlı iqtisadi artıma nail olmaq, texnoloji innovasiyalara yiyələnmək üçün qısa, orta və uzunmüddətli konsepsiyalar ortaya qoymaq lazımdır.

SOCAR-ın sadəcə neft və qaz layihələri ilə kifayətlənmədiyini qeyd edən R.Abdullayev şirkətin təmiz enerji alternativləri üzərində çalışdığını, bu istiqamətdə külək enerjisi stansiyası layihəsinin, eyni zamanda nəqletmə və logistika sahəsində də bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edib. O, bildirib ki, artıq 8 ildir Türkiyədə fəaliyyət göstərən SOCAR qardaş ölkədə ən böyük xarici investor olmasını təmin edib.

İnvestisiya zəncirinin ən önəmli halqasının təməli 2011-ci il oktyabrın 25-də qoyulan “Star” neft emalı zavodu layihəsinin olduğu vurğulanıb. Eyni zamanda “Cənub Qaz Dəhlizi” çərçivəsində TANAP, TAP, “Şahdəniz” layihələrinin qarşıdakı onilliklər üçün Avropa və Türkiyənin dəyişən və artan ehtiyaclarına cavab verəcəyi qeyd olunub.

SOCAR-ın prezidenti ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” devizində olduğu kimi Azərbaycan-Türkiyə qardaşlığının bir rəmzi kimi tarixə həkk olunacaq bu investisiyaların bir qürur qaynağı olduğunu deyib. R.Abdullayev çıxışının sonunda korporativ idarəetmə, texnoloji inkişaf, innovasiyaları daim təqib etmə və onların yaratdığı fürsətlərdən istifadə və bunlara uyğunlaşmağın enerji şirkətləri üçün mühüm olduğunu vurğulayıb.

Konqres işini oktyabrın 13-də yekunlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.