CƏMİYYƏT
Ruandalı skaut: 2019-cu ildə Virciniya Camborisində azərbaycanlı skautlarla görüşmək ümidindəyəm
Bakı, 19 avqust, AZƏRTAC
Azərbaycana ilk dəfədir gəlirəm. Biz vaxtımızı gözəl keçirdik. Azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır. Bakıda Dünya Skaut Konfransı yüksək səviyyədə təşkil edilib. Biz burada bir sıra mühüm qərarlar qəbul etdik və mən konfransın işindən razı qaldım. Qəbul edilmiş qərarlar arasında 24-cü Dünya Skaut Camborisinin 2019-cu ildə ABŞ-ın Virciniya ştatında keçirilməsi barədə qərarı qeyd etmək istəyirəm. Orada Azərbaycandan olan skaut dostlarımla görüşmək ümidindəyəm.
Bu sözləri Dünya Skaut Gənclər Forumunda Ruanda Respublikasını təmsil edən Mariya Franciniya Zimulinda Umuxoza AZƏRTAC-a müsahibəsində söyləyib.
Ruandalı skaut bildirib ki, Bakı konfransında belə bir qərar da qəbul edilib ki, 25-ci Dünya Skaut Camborisi 2023-cü ildə Koreyada keçiriləcək. O deyib: “Bu qərar məni çox sevindirir, çünki onun qəbul edilməsi üçün koreyalı skautların necə çalışdıqlarını gördüm. Düşünürəm ki, onlar bu vəzifənin öhdəsindən gələcəklər. Bu gözəl tədbirdə iştirak etmək üçün Bakıya gələn bütün skautlara müvəffəqiyyət arzu edirəm”.