İQTİSADİYYAT
Rüb ərzində Səngəçal terminalından 75 milyon barreldən artıq neft və kondensat ixrac edilib
Bakı, 24 may, AZƏRTAC
2016-cı ilin birinci rübündə Səngəçal terminalı 75 milyon barreldən artıq neft və kondensat, o cümlədən təqribən 67 milyon Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və 8 milyon bareldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK) vasitəsilə ixrac edib.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi də davam edib.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.
Qaz terminaldan əsasən, Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.
Rüb ərzində terminaldan, həmçinin gündəlik orta hesabla 29,4 milyon standart kubmetr (1 milyard 39 milyon standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.