SİYASƏT
Rumıniya agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin müstəqilliyimizin bərpasının 25 illiyi ilə bağlı məqaləsini yayıb
Buxarest, 28 noyabr, AZƏRTAC
Rumıniyanın “Amosnews” xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbiri İqbal Hacıyevin dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Azərbaycan - müstəqillikdən yüksək inkişafa doğru” sərlövhəli məqaləsini yayıb. Müəllif məqalədə Azərbaycanın müstəqillik tarixi, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtması, ölkənin ağır vəziyyətdən çıxması və inkişafı istiqamətində gördüyü işlər barədə məlumat verir. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayır.
Məqalədə Azərbaycanın həyata keçirdiyi qlobal enerji layihələrindən, ölkəmizin iqtisadi nailiyyətlərindən də söhbət açılır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəllif Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun 20 ildən çoxdur ki, Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğunu diqqətə çatdırır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edildiyini, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, münaqişənin bütövlükdə regionun inkişafına mane olduğunu vurğulayır.