SİYASƏT
Rumıniya ictimaiyyəti Azərbaycanın müstəqillik illərində qazandığı nailiyyətlər barədə məlumatlandırılıb
Buxarest, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü ilə “Agerpres” milli xəbər agentliyi dövlət müstəqilliyimizin bərpasının ildönümü münasibətilə “Müstəqilliyin 25 ili: ilkin nəticələr” adlı mətbuat açıqlaması yayıb.
Məlumatda 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edildiyi qeyd olunur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal edildiyi, bir milyon qaçqın və məcburi köçkünün öz yurdlarından didərgin düşdüyü diqqətə çatdırılır. Qeyd olunur ki, müstəqilliyin ilk illərində yaranan ağır vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan qısa müddətdə bütün problemləri həll edərək dinamik inkişaf yoluna qədəm qoyub. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycanın ən sürətlə inkişaf edən ölkələrdən biri olduğu vurğulanır. Azərbaycanın iqtisadi inkişafı, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, TAP, TANAP enerji layihələri barədə məlumat verilir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest