DÜNYA
Rumıniya korporativ vergi ilə bağlı yeniliklər etmək niyyətindədir
Bakı, 27 iyul, AZƏRTAC
Rumıniya hökuməti geniş vergi islahatının tərkib hissəsi kimi korporativ vahid vergi dərəcəsinin dövriyyədən vergi ilə əvəz edilməsi imkanlarını nəzərdən keçirir.
AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, hazırda Rumıniyada vahid korporativ vergi dərəcəsi 16 faiz təşkil edir. Lakin bu, şirkətlərin gəlirlərinin 1 faizdən 3 faizədək proqressiv vergi dərəcəsi ilə əvəz edilə bilər.
Əksəriyyətini sosial demokratlar təşkil edən Rumıniya hökuməti aylıq mənfəəti 3,6 min ABŞ dollarından artıq olan şirkətlərə vahid korporativ vergi dərəcəsinin tətbiqini təklif edib.
Bundan əlavə, ƏDV-nin dərəcəsinin 1 faiz azaldılması əvvəl planlaşdırıldığı kimi 2018-ci ildə deyil, 2019-cu ildə qüvvəyə minməsi təklif olunub.
Bununla belə, vergi islahatı üzrə təkliflər paketi ABŞ-ın Rumıniyada fəaliyyət göstərən Ticarət Palatası tərəfindən kəskin etirazla qarşılanıb.