MƏDƏNİYYƏT
Rumıniya təmsilçiləri: Azərbaycan Avropaya “Eurovision” mahnı müsabiqəsi vasitəsilə möhtəşəm şou təqdim etdi VİDEO
Kopenhagen, 8 may (AZƏRTAC). Azərbaycan Avropaya “Eurovision” mahnı müsabiqəsi vasitəsilə möhtəşəm şou təqdim etdi. Hər kəsin bunu edə biləcəyini düşünmürük. Təbii ki, bu hər bir ölkənin imkanlarından asılıdır.
Bu sözləri Rumıniyanı “Eurovision 2014” mahnı müsabiqəsində təmsil edən Paula Selinq və Ovi cütlüyü AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləmişlər.
Paula Selinq və Ovi Azərbaycanın təmsilçisi Dilarə Kazımovanın ifasında “Start a fire” mahnısını heyranlıqla dinlədiklərini bildirərək demişlər: “Biz sözün əsl mənasında şokda idik. Bu kompozisiya özünəməxsusluğu ilə eşitdiyimiz bütün “Eurovision” mahnılarından seçilir. Tamamilə heyrətamizdir. Şoudakı qeyri-adilik, mahnıdakı həzinlik insanda unudulmaz təəssüratlar yaradır. Biz bu mahnıya və ifaya vurulmuşuq. Azərbaycanı çox sevirik. Ölkəniz bu müsabiqəyə 2012-ci ildə yüksək səviyyədə ev sahibliyi etdi. Azərbaycana bu müsabiqədə də uğurlar arzulayırıq.
Biz müsabiqədə iştirak etməyimizin sevincini yaşayırıq və yarışmada hər kəs kimi qalib olmaq arzusundayıq, həm performansımızı, həm də mahnımızı Avropa tamaşaçısının bəyənəcəyinə inanırıq”.
Rumıniyalı təmsilçilər Dilarə Kazımovanın onların favoritləri arasında olduğunu, bununla yanaşı, Macarıstan və Yunanıstanı təmsil edən ifaçıların da şanslarının böyük olduğunu vurğulamışlar.
Anar Rzayev
AZƏRTAC-ın müxbiri
Kopenhagen