MƏDƏNİYYƏT
Rumıniyada Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir VİDEO
Buxarest, 18 mart (AZƏRTAC). Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü, ARDNŞ-in Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə azərbaycanlı və rumın deputatlar, Azərbaycanın, Türkiyənin, Türkmənistanın və Belarusun səfirləri, Rumıniyanın Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Mədəniyyət İnstitutunun rəhbərliyi və əməkdaşları, Buxarest şəhərinin rayonlarının icra hakimləri, türkiyəli iş adamları, türk-tatar icmasının təmsilçiləri, diaspor təşkilatlarının təmsilçiləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin birgə işlədiyi şirkətlərin rəhbərləri iştirak etmişlər.
Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev tədbirdə çıxış edərək Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının tarixi, adət-ənənələri haqqında danışmışdır.
ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov Novruz bayramının tarixindən, Azərbaycanın gözəl diyarı Naxçıvanın dahi şəxsiyyətlərindən, zəngin təbiətindən bəhs etmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək Naxçıvanın tarixi barədə məlumat vermişdir. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də Naxçıvanda anadan olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Q.Paşayeva Novruz bayramının Azərbaycanın hər bir bölgəsində yüksək əhval-ruhiyyə ilə keçirildiyini söyləmişdir. O, əmin olduğunu bildirmişdir ki, bu bayram tezliklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan digər rayonlarında keçiriləcəkdir.
Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. O, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirməsində parlamentlərarası işçi qrupunun rolunu qeyd etmişdir.
Naxçıvan Muxtar Respublikası və Novruz bayramı haqqında filmlərin göstərildiyi tədbir Əməkdar Artist Tünzalə Ağayevanın və rumın musiqiçilərin ifalarında konsert proqramı ilə davam etmişdir.