İQTİSADİYYAT
Rumıniyada “SOCAR” brendi altında 30-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib
Açılış mərasimində ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov, Azərbaycanın Rumıniyadakı səfirliyinin attaşesi Fərid Məmmədov, Arad Şəhər İcra Hakimiyyətinin və yerli dövlət qurumlarının nümayəndələri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin tərəfdaşları, KİV nümayəndələri iştirak ediblər.
Rumıniyada “SOCAR” yanacaqdoldurma məntəqələri arasında ən geniş torpaq sahəsinə malik bu yanacaqdoldurma məntəqəsində “Benzin 95” və “Benzin 98”, “Dizel Euro 5” və “Dizel Super Euro 5” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 4 sayğac quraşdırılıb ki, bununla da 6 kiçik və 2 böyük avtonəqliyyat vasitələrinin eyni zamanda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Arad şəhərində istifadəyə verilmiş ilk stansiyada ümumilikdə 15 yeni iş yeri açılıb.
H.Kərimov AZƏRTAC-a müsahibəsində deyib: “30-cu yanacaqdoldurma məntəqəsini açmaqla son 3 il ərzində artıq Rumıniyanın 13 regionunu əhatə etmişik. 2014-cü ildə şəhərlər üzrə stansiyaların sayında ən yüksək artım qeydə alınıb”.
Digər yanacaqdoldurma məntəqələrində olduğu kimi, Arad məntəqəsində də müştərilərə “Nar” kafedə ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur.
Xatırladaq ki, ARDNŞ Rumıniyanın artıq 13 regionunda yanacaqdoldurma məntəqələrinə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest