İQTİSADİYYAT
Rumıniyada SOCAR brendi altında 32-ci YDM istifadəyə verilib
Buxarest, 30 yanvar, İqbal Hacıyev, AZƏRTAC
Yanvarın 30-da, Rumıniyanın Sibiu şəhərində “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
“SOCAR Petroleum SA” şirkətinin rəhbəri Həmzə Kərimov bildirib ki, SOCAR Rumıniya üzrə öz YDM şəbəkəsini bundan sonra da genişləndirəcək. “Hazırda Sibiu şəhərində SOCAR brendli ilk YDM istifadəyə verilir. Bu il biz Rumıniyanın müxtəlif regionlarına investisiya qoymaqla yeni SOCAR məntəqələrini açmağı planlaşdırırıq. Öz sadiq müştərilərimizə yeni məhsullar və xidmətləri bundan sonra da təklif edəcəyik”. Geniş torpaq sahəsinə malik YDM-də benzin 95, dizel euro 5 və super dizel tipli yanacaq məhsullarının satışı həyata keçiriləcək. Məntəqədə 3 sayğac quraşdırılıb, bununla da 4 kiçik və 2 böyük (TIR) avtonəqliyyat vasitələrinin eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. Sibiu şəhərində istifadəyə verilmiş ilk stansiyada ümumilikdə 13 yeni iş yeri açılıb. Bununla da Rumıniyada SOCAR brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 32-yə çatıb. Digər YDM-lərdə olduğu kimi, Sibiu məntəqəsində də müştərilərə “Nar” kafesində ənənəvi Azərbaycan məhsulları, 24 saat pulsuz internet xidməti təqdim olunur. Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 15 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Bistritsa-Nasaud və Sibiuda yanacaqdoldurma məntəqələrinə malikdir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest