İQTİSADİYYAT
Rumıniyada “SOCAR” brendi ilə fəaliyyət göstərən daha beş yanacaqdoldurma məntəqəsi istifadəyə verilmişdir VİDEO
Buxarest, 14 fevral (AZƏRTAC). Fevralın 14-də Rumıniyanın Bakau, Fokşani, Adjud, Buzau, Buxarest şəhərlərində magistral və dairəvi yollar üzərində “SOCAR” brendi ilə fəaliyyət göstərən beş yanacaqdoldurma məntəqəsinin (YDM) açılış mərasimləri keçirilmişdir. Buxarest şəhərinin Kiajna rayonunda keçirilən mərasimdə həmin rayonun icra hakimiyyətinin başçısı Mirçea Minea, Rumıniya iqtisadiyyat nazirliyinin dövlət katibi Bogdan Badea, energetika nazirliyinin dövlət katibi Mihai Albulescu, “Oltchim” kimya müəssisəsinin prezidenti Marius Parvu, bu ölkə parlamentində Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri deputat Yulian Yanku, Azərbaycan, Türkiyə və Belarusun səfirləri, Türk İş Adamları Birliyinin rəhbər heyəti, Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri, “SOCAR” təqaüdü alan rumın tələbələr, bu ölkədə yaşayan azərbaycanlılar və başqaları, habelə yerli KİV nümayəndələri iştirak etmişlər.
Şirkətinin rəhbəri Həmzə Kərimov mərasimdə çıxış edərək bildirmişdir ki, 2014-2017-ci illərdə ARDNŞ Rumıniyada investisiyaları artırmağa və ölkə bazarında öz yerini möhkəmləndirməyi planlaşdırır. Qeyd olunmuşdur ki, Azərbaycan-Türkiyə iş birliyi və regionda həyata keçirdiyi enerji siyasəti Avropanın enerji xəritəsinin dəyişmək gücünə malikdir. Direktor vurğulamışdır ki, Rumıniyada Azərbaycan və Türkiyə tərəfindən yatırılan investisiyalar bu üç ölkə arasında uzun illərdən bəri mövcud olan dostluq və ticarət əlaqələrinin inkişafına xidmət edəcəkdir.
Türkiyənin Rumıniyadakı səfiri Ömür Şöləndil ARDNŞ-in həyata keçirdiyi layihələrin Azərbaycan, Türkiyə və Rumıniya dostluğunun daha da möhkəmlənməsinə töhfə verdiyini bildirmişdir.
Azərbaycanın Rumıniyadakı səfiri Fərid Abdinbəyov ARDNŞ-in Rumıniyadakı fəaliyyətinə uğurlar arzulamış, bu ölkədə “SOCAR” brendli YDM-lərin çoxalacağına inamını ifadə etmişdir.
Geniş torpaq sahəsinə malik yeni YDM-də Euro Dizel 95, Super Euro Dizel 98, Benzin 95 və 98 tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Burada həmçinin market, “NAR” kafe fəaliyyət göstərəcək, müştərilərə 24 saat pulsuz internet xidməti təqdim olunacaqdır.
Bununla da Rumıniyada əhaliyə “SOCAR” brendi altında yüksək keyfiyyətli xidmət göstərən YDM-in sayı 25-ə çatmışdır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest