SİYASƏT
Rumıniyalı qonaq Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlandırılıb
Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Azərbaycanda səfərdə olan Rumıniya Respublikasının Münaqişələrin Qarşısının Alınması və Erkən Xəbərdarlıq üzrə Mərkəzinin baş təhlilçisi xanım Andreea İbanescu ilə görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə rumıniyalı qonağa Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib.
Əsasən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və bugünkü siyasi durum, ölkəmizdəki qaçqın və məcburi köçkün problemi, bu ağır problemin həlli istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu dövlət siyasəti nəticəsində dünyanın oxşar problemlərlə üzləşən ölkələri üçün nümunə kimi dəyərləndirilən Azərbaycan modeli və digər mühüm məsələlərin müzakirəsinin də geniş yer aldığı görüşdə qonağa hərtərəfli məlumat verən Fuad Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə daim sadiqliyini nümayiş etdirsə də, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi nəticəsində bu problem hələ də öz həllini tapmayıb.
Bildirilib ki, nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, AŞPA-nın, İƏT-nin, Avropa Parlamentinin və digər qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.
Azərbaycanın torpaqlarının işğalda qalması faktı ilə heç vaxt barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa edəcəyini, işğaldan azad olunmuş ərazilərdə geniş abadlıq-quruculuq işlərinə başlayacağını əminliklə qonaqların diqqətinə çatdıran Komitə sədrinin müavini bütün bunların Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin timsalında “Böyük Qaydışın” bir nümunəsi kimi reallaşdığını bildirib.
Sonda Komitə sədrinin müavini iyulun 4-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslərin qətlə yetirildiyindən söz açıb və bunu işğalçı Ermənistanın kriminal rejiminin növbəti bir vəhşiliyi kimi qeyd edib. O bildirib ki, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərində mövcudluğu vəziyyətin gərginləşməsinin, münaqişə zonasındakı bu cür insidentlərin əsas səbəbidir və münaqişənin dinc yolla həllində ciddi maneədir.
Görüşdə Rumıniyadan olan xanım tədqiqatçı münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşdə qonaq suallarına ətraflı cavab aldığına və hərtərəfli məlumata görə minnətdarlığını ifadə edərək Azərbaycan dövlətinin tolerantlıq ənənələrindən məmnun qaldığını diqqətə çatdırıb.