İQTİSADİYYAT
Rumıniyanın nüfuzlu biznes jurnalı ARDNŞ-in Rumıniya nümayəndəliyi direktorunun məqaləsini dərc etmişdir
Buxarest, 1 iyul (AZƏRTAC). Rumıniyanın iqtisadiyyat sahəsində nüfuzlu və geniş oxucu kütləsinə malik “Jurnalul de Afaceri” (Biznes jurnalı) jurnalında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimovun “ARDNŞ Rumıniyanın bütün bölgələrində YDM-lər açmaq niyyətindədir” sərlövhəli məqaləsi dərc edilmişdir.
Məqalədə bildirilir ki, 2011-ci ildə ARDNŞ Rumıniya ərazisində neft məhsullarının alqı-satqısının təşkili və beynəlxalq standartlara uyğun, keyfiyyətli təchizat xidmətinin həyata keçirilməsi məqsədilə “SOCAR Petroleum SA” şirkətini yaratmışdır. Neft və qaz sektorundakı fəaliyyətinə görə bütün dünyada məşhur olan ARDNŞ qısa müddət ərzində Rumıniyanın pərakəndə yanacaq bazarında da əsas oyunçuya çevrilmişdir. Hazırda şirkət Rumıniyanın 11 dairəsində - Botoşan, Suçeava, Nyamtç, Yasi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov və Klujda 28 yanacaq doldurma məntəqəsinə malikdir. H.Kərimov daha sonra qeyd edir ki, “biz ölkənin digər yerlərində də yeni məntəqələrin istifadəyə verilməsi işini davam etdiririk. Məqsədimiz bütöv Rumıniya ərazisini əhatə etməkdir. Əlbəttə, açılan hər yeni məntəqə beynəlxalq standart və normalara tam cavab verir”.
Nümayəndəliyin rəhbəri onu da bildirir ki, ARDNŞ Rumıniya bazarına yaxın gələcəkdə geniş müştəri ehtiyaclarını təmin edə biləcək və bütün növ benzin və dizel mühərrikli avtomobillər üçün nəzərdə tutulan yüksək keyfiyyətli yeni yanacaq növü ilə daxil olmaq niyyətindədir.
Məqalədə həmçinin ARDNŞ-in qardaş Türkiyədə həyata keçirdiyi layihələrdən də bəhs edilir. Həmzə Kərimov jurnalın oxucularına Avropanın enerji xəritəsini dəyişəcək TAP və TANAP layihələri barədə geniş məlumat verir.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:
http://www.jurnaluldeafaceri.ro/socar-romania-doreste-sa-deschida-benzinarii-in-toata-tara/
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest