QAN YADDAŞI
Rumıniyanın xəbər agentliyi AZƏRTAC-ın xüsusi müxbirinin 20 Yanvar faciəsi ilə bağlı məqaləsini yayıb
Bakı, 19 yanvar, AZƏRTAC
Rumıniyanın nüfuzlu “Amos News” xəbər agentliyi AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri İqbal Hacıyevin “20 Yanvar - Azərbaycan xalqının milli azadlıq mübarizəsi” sərlövhəli məqaləsini yayıb.
Məqalədə 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi terror aktı barədə ətraflı məlumat verilir, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan azərbaycanlıların vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılır.
Müəllif 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz etdiyini vurğulayır. Ulu Öndərin faciə ilə əlaqədar xalqımıza başsağlığı verməsi, bu qırğını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbiçilərin dinc əhaliyə divan tutmasına qarşı kəskin münasibət bildirməsi diqqətə çatdırılır. Bildirilir ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəsə nail olunmasının da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanır.
Məqalədə AZƏRTAC tərəfindən hazırlanmış, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən şərhsiz film də yerləşdirilib.