REGİONLAR
Rus dili və ədəbiyyatı fənni üzrə IX ümumrespublika olimpiadasının zona turu təşkil olunub
Naxçıvan, 29 aprel, AZƏRTAC
Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Əliyev çıxış edərək, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb.
“Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov çıxışında Azərbaycan məktəblərində rus dilinin tədris olunmasını iki ölkə arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirib, belə tədbirlərin Rusiya və Azərbaycanın qarşılıqlı əlaqələrinin inkişafında böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb, olimpiada iştirakçılarına uğurlar arzulayıb.
Tədbirin ədəbi-bədii hissəsində məktəbin şagirdlərinin ifasında Azərbaycan və rus dillərində şeirlər və mahnılar səsləndirilib.
Şagirdlərə olimpiadanın qaydaları haqqında məlumat verildikdən sonra zona turu başlayıb. Nəticələr bir həftə ərzində açıqlanacaq.
Qeyd edək ki, rus dili və ədəbiyyatı fənni üzrə IX ümumrespublika olimpiadası Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.