ELM VƏ TƏHSİL
Rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) professor, Rusiya Jurnalistlər və Yazıçılar ittifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA-nın Tarix İnstitutunun fəxri doktoru, Naxçıvan Dövlət Universitetinin fəxri professoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq müsabiqəsinin laureatı, rus qafqazşünası Rudolf İvanovun şəxsi kolleksiyasının təqdimatı olub.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, kitabxananın direktoru Leyla İmanova kolleksiyaların tanıdılmasının məqsədinin burada mühafizə edilən zəngin ədəbiyyatı, tarixi faktları, Azərbaycan həqiqətlərini geniş ictimaiyyətə çatdırmaq olduğunu söyləyib.
MEK-in əməkdaşı Gülnar Məmmədova R.İvanovun həyatı, elmi və pedaqoji fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, alim 28 kitab, iki yüzdən çox tarixi məqalə və oçerkin müəllifidir. Alim Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərə görə 2009-cu ildə “Dostluq” ordeni ilə təltif olunub. R.İvanovun kolleksiyasının kitabxanada 2012-ci ildə yaradıldığı, sənədlərin Heydər Əliyev Fondu tərəfindən təqdim olunduğu vurğulanıb.
Çıxış edənlər alimin əsərlərinin tarixi aktuallığından danışıb, onun Azərbaycana səfərindən və tədqiqatlarından söz açıblar.