İQTİSADİYYAT
Rusiya-Azərbaycan əlaqələrini daha geniş əhatəli və uzunmüddətli etmək üçün səylər göstərilir
Bakı, 17 dekabr, AZƏRTAC
İndiki iqtisadi şəraitdə Rusiya ilə Azərbaycan iqtisadiyyatlarının analoji çağırışlarla üzləşməsini nəzərə almaqla, ikitərəfli əlaqələri daha genişmiqyaslı və uzunmüddətli etmək üçün qarşılıqlı səylər mövcuddur.
AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası iqtisadi inkişaf nazirinin müavini Savva Şipov Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının Bakıda keçirilən 16-cı iclasında bəyan edib.
Nazir müavini qeyd edib ki, komissiyanın 15-ci iclasından sonra Rusiya idarələri iclasın Protokolunda qeyd olunmuş razılaşmaların yerinə yetirilməsi istiqamətində xeyli iş görüblər. Qəbul edilmiş 37 qərardan 22-si icra olunub, uzunmüddətli xarakterli 13 tapşırıq üzrə iş davam edir.
Savva Şipovun sözlərinə görə, qlobal iqtisadi dəyişikliklərə, xammal bazarlarının, ilk növbədə neft bazarlarının mədaxilinin azalmasına baxmayaraq, Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığı davamlı inkişaf edir. O deyib: “Xidmət ticarəti – sərnişindaşıma, maliyyə, sığorta, telekommunikasiya xidmətləri, mədəniyyət və istirahət sahəsində xidmətlər ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığa sanballı töhfə verir və bu da əmtəə dövriyyəsinin, demək olar, 20 faizini təşkil edir”.
İnvestisiya əməkdaşlığının da qarşılıqlı fəaliyyətimizdə əhəmiyyətli rol oynadığını qeyd edən nazir müavini deyib: “Hazırda Azərbaycan bazarında təqribən 600 birgə şirkət, o cümlədən 100 faiz Rusiya kapitalı ilə işləyən təxminən 200 və müştərək müəssisə formatında 400-dən yuxarı şirkət fəaliyyət göstərir”.
S.Şipov fikrini belə tamamlayıb: “Ticari-iqtisadi əməkdaşlığımızın inkişafı bir çox baxımdan biznesdə qarşılıqlı fəaliyyət dərəcəsi ilə müəyyən olunur. Odur ki, bu ilin mayında Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının yaradılmasını qeyd etmək lazımdır. Rusiya-Azərbaycan Şurasının geniş fəaliyyəti Rusiya biznesinin Azərbaycan bazarına böyük maraq göstərdiyini nümayiş etdirir. Rusiya ilə Azərbaycanın ticari-iqtisadi sahədə qarşılıqlı fəaliyyətinin mövcud səviyyəsi, qazanılmış əlaqələr, mövcud sanballı potensial nikbinlik hissi yaradır və ümid etməyə əsas verir ki, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlığın böyük perspektivləri var”.