İQTİSADİYYAT
Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığı uğurla inkişaf edir
Bakı, 24 noyabr, Laçın Sultanova, AZƏRTAC
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət Nümayəndəliyinin fəal dəstəyi ilə 2015-ci ilin yanvarından oktyabrınadək olan dövr ərzində Rusiya şirkətlərinin məhsullarının və xidmətlərinin təqdim edilməsi üzrə dörd layihə həyata keçirilib. AZƏRTAC Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin xarici-iqtisadi informasiya portalına istinadla xəbər verir ki, “KZ “Rostselmaş” MMC və “Aqrolizinq” ASC arasında 150 milyon rubl dəyərində 55 taxılyığan kombaynın satışı üçün müqavilə imzalanıb.
Məlumatda o da bildirilir ki, “Korporotiv Təbabət Mərkəzi” MMC əməyin mühafizəsi və sənaye təbabəti sahəsində xidmətlər göstərən “CCM-Sakhat” müştərək müəssisəsinin yaradılması üzrə layihə həyata keçirir. Müəssisədə iş yerlərinin attestasiyasına dair kompleks işləri tam yerinə yetirən təcrübə laboratoriyası açılıb. Ticarət nümayəndəliyi dörd biznes-missiya və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində danışıqlar təşkil edib, Hökumətlərarası Komissiyanın iclasının keçirilməsinə hazırlıq prosesində iştirak edib.
“Polimediya” QSC ilə “Avrodizayn” QSC arasında Bakıda Milli Tibb Mərkəzinin tikilməkdə olan obyektində multimedia sistemlərinin yaradılması və istismarının təmin edilməsi üçün 1,34 milyon dollar məbləğində müqavilə imzalanıb. Layihə çərçivəsində 18 mərtəbəli binanın bütün mərtəbələrində düzülən displeylər vasitəsilə mərkəzə gələnləri elektron məlumatlandırma sistemi yaradılıb.
“Kran texnologiyaları” MMC və “Kristal Abşeron” mənzil-tikinti kooperativi (MTK) arasında Bakıda yaşayış binalarının tikintisi üçün 4 qüllə kranının göndərilməsi barədə müqavilə imzalanıb.
Sözügedən layihələr üzrə müqavilələrin ümumi məbləği 6 milyon dollar təşkil edib.
Ticarət Nümayəndəliyi hazırda Rusiyanın İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə metallurgiya məhsullarının ixracına dadir daha 2 xarici-iqtisadi layihə həyata keçirir.