İQTİSADİYYAT
Rusiya Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlıdır
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 2-də Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Rusiya Federasiyasının Şimali Qafqaz üzrə nazirinin müşaviri Stanislav Aristov ilə görüşüb. Görüşdə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin Rusiya Federasiyasının Şimali Qafqaz regionu ilə aqrar sahədə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir müavini İlham Quliyev ölkələrimiz arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sektorda da əlaqələrin yeni müstəvidə inkişaf etdiyini vurğulayıb.
İlham Quliyev ölkə rəhbərliyinin aqrar sahəyə göstərdiyi diqqət və qayğı, aqroparkların yaradılması, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib. Nazir müavini Azərbaycanın iqlim şəraitinin kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı üçün əlverişli olduğunu, ölkəmizdə istehsal edilən kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan keyfiyyətliliyini nəzərə çatdırıb. İlham Quliyev ölkəmizdə ən müasir istixanalarda istehsal olunan pomidor məhsulunun Rusiya bazarlarında Bakı brendi kimi tanındığını qeyd edib.
Görüşdə Azərbaycanda ekoloji, təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün əlverişli investisiya mühitinin olduğu bildirilib.
Stanislav Aristov Azərbaycanın kənd təsərrüfatı məhsullarının ekoloji baxımdan təmiz olduğunu nəzərə alaraq, ixracyönümlü məhsulların Şimali Qafqaz və Rusiya Federasiyasına çıxarılmasında hər iki tərəfdən gömrük buraxılış məntəqələrində “yaşıl dəhliz”in yaradılmasından məmnunluğunu ifadə edib. O, Azərbaycandan ipək, fındıq və pambıq məhsullarının alınmasında maraqlı olduqlarını bildirib. Stanislav Aristov qısa müddət ərzində təkliflər paketini Kənd Təsərrüfatı Nazirliyinə təqdim edəcəklərini diqqətə çatdırıb.
Sonra prioritet sahələr üzrə tərəflər arasında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Stanislav Aristov VII Azərbaycan–Rusiya Regionlararası Forumunda iştirak etmək üçün Bakı şəhərində rəsmi səfərdədir.