İQTİSADİYYAT


Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biri olaraq qalır

A+ A

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycanın ümumi ticarət dövriyyəsində 11,4 faiz payla 2-ci yeri tutan, idxalında 17,9 faiz payla liderlik edən Rusiya ölkənin əsas xarici ticarət tərəfdaşlarından biri olaraq qalmaqdadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Eldar Tlyabiçev Rusiyanın “Promışlennıy yejenedelnik” qəzetinə müsahibəsində deyib. Ticarət nümayəndəsi Rusiya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın aparıcı sahələri haqqında suala cavab verərkən bildirib ki, regionlararası əlaqələrin genişləndirilməsi, habelə birgə müəssisələrin yaradılması Rusiya-Azərbaycan ticari-iqtisadi əməkdaşlığının inkişafının perspektiv istiqamətlərindən biridir.

E.Tlyabiçev deyib: “Bu gün Rusiya Federasiyasının 17 subyekti Azərbaycandakı tərəfdaşları ilə birlikdə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında sazişlər həyata keçirir. Rusiyanın 70-dən çox regionunun müəssisə və şirkətləri isə Azərbaycan Respublikası ilə ticarət əlaqələri saxlayır.

Müntəzəm olaraq keçirilən Rusiya-Azərbaycan Regionlararası Forumu yeni perspektivli layihələrin və təşəbbüslərin müzakirəsi üçün öz əhəmiyyət və aktuallığını nümayiş etdirib. 2011-ci ildən başlayan bu forum qısa müddətdə iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafında böyük hadisəyə çevrilib.

Hazırda biz azərbaycanlı həmkarlarla birlikdə oktyabrın 31-dən noyabrın 1-dək Bakıda keçirilməsi planlaşdırılan VII Rusiya-Azərbaycan Regionlararası Forumuna ciddi hazırlıq işləri aparırıq.

Forum çərçivəsində Rusiya ilə Azərbaycan arasında regionlararası və sərhəd əməkdaşlığı məsələləri, perspektivli infrastruktur layihələri, regionlararası sahədə iqtisadi və maliyyə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar məkanının problemləri və perspektivləri, iki ölkənin qarşılıqlı strateji əlaqələri nəzərdən keçiriləcək. Eyni zamanda, müxtəlif “dəyirmi masa”lar və iki ölkənin işgüzar dairələrinin nümayəndələri üçün əlaqə birjası təşkil ediləcək”.

Ölkələrimiz arasında investisiya tərəfdaşlığının istiqamətlərindən söz açan E.Tlyabiçev bildirib ki, bu gün Azərbaycan bazarında Rusiyanın 600-dən çox şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin 200-ü yüz faiz Rusiya kapitalı ilə işləyir, 400-dən çoxu birgə müəssisə formatındadır. Azərbaycan statistikasının məlumatına görə, Azərbaycanın əsas kapitalına Rusiya investisiyaları təxminən 1,4 milyard dollar təşkil edir.

E.Tlyabiçevin sözlərinə görə, bu investisiyaların böyük hissəsi Azərbaycanın neft sektoruna, Xəzər dənizində neft və qaz yataqlarının işlənilməsinə yönəldilir. Lakin Rusiya şirkətlərinin maşınqayırma, əczaçılıq, kimya sənayesi və bank fəaliyyəti sahələrinə yönəldilən investisiyaları da nəzərəçarpacaq qədərdir.

Məsələn, “VTB” qrupu 2009-cu ildən Azərbaycanın iqtisadiyyatının inkişafına təxminən 700 milyon dollar sərmayə yatırıb. Bu vəsaitdən 300 milyon dolları törəmə bankın – “Bank VTB (Azərbaycan)”ın inkişafına, daha 400 milyon dolları nəqliyyat və kommunikasiyalar sahəsində layihələrin maliyyələşdirilməsinə yönəldilib. “KamAZ” Açıq Səhmdar Cəmiyyəti 2015-ci ildə “Gəncə avtomobil zavodu” İstehsal Birliyinin ərazisində öz yük maşınlarının yığma xəttini açıb. “Ural” avtomobil zavodu” Acıq Səhmdar Cəmiyyəti 2016-cı ilin martında öz avtomobillərinin yığılması, Azərbaycanda və üçüncü ölkələrdə satılması barədə “Gəncə avtomobil zavodu” İB ilə analoji müqavilə imzalayıb. Rusiyanın “R-farm” əczaçılıq şirkəti 2016-cı ilin iyununda Azərbaycanın “VITA-A” şirkəti və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyəti ilə Azərbaycan Respublikası ərazisində əczaçılıq məhsulları istehsalının yaradılması haqqında Memorandum imzalayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.