SİYASƏT
Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetində məzunların buraxılış mərasimi olub
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 7-də Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin (DİN) Sankt-Peterburq Dövlət Universitetinin xarici mütəxəssislərin hazırlığı fakültəsinin məzunlarının buraxılış mərasimi keçirilib.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan AZƏRTAC-a bildirilib ki, Sankt-Peterburqun “Qələbə meydanı”nda təşkil olunan möhtəşəm və təntənəli mərasimə Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov fəxri qonaq qismində dəvət edilib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri, general-leytenant Vasiliy Kudin tədbir iştirakçılarını salamlayaraq sözü baş konsul Sultan Qasımova verib.
Baş konsul Sultan Qasımov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyini, müəllim və tələbə heyətini salamlayaraq, onlara yeni peşəkar kadrların hazırlanmasında göstərdikləri əvəzsiz xidmət və zəhmətə görə təşəkkürünü bildirib, gəncləri ali təhsillərini başa vurmaları münasibətilə təbrik edib. Diplomat Azərbaycan ilə Rusiya arasındakı səmərəli əməkdaşlığın Daxili İşlər Nazirlikləri arasında da uğurla davam etdiyini vurğulayıb. Baş konsul Azərbaycan ilə Rusiyanı tarixi dostluq əlaqələrinin birləşdirdiyini qeyd edib. Bu əlamətdar gündə məzun olan azərbaycanlı tələbələrin əldə etdikləri yüksək bilik nəticəsində yaxın gələcəkdə peşəkar kadr kimi Azərbaycan dövlətinə xidmət edəcəklərini vurğulayıb. Baş konsul Sultan Qasımov universitetin məzunu olan həmvətənlərimizi ürəkdən təbrik edib, onlara Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarındakı fəaliyyətlərində uğurlar arzulayıb və diplomlarını təqdim edib.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbərliyi, yüksək rütbəli zabitlər baş konsul Sultan Qasımova universitetdə oxuyan azərbaycanlı tələbələrin uğurları barədə danışıblar. Söhbət zamanı Rusiya Federasiyasının DİN-in Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri general-leytenant Vasiliy Kudin Azərbaycanın Daxili İşlər Nazirliyi əməkdaşlarının yüksək peşəkarlığını xüsusi ilə qeyd edib, Azərbaycan Respublikası DİN-in fəaliyyəti və qurumlar arasındakı əməkdaşlığın səviyyəsi barədə müsbət fikirlərini bölüşüb. General-leytenant Vasiliy Kudin rəhbərlik etdiyi universitetin çoxlu sayda azərbaycanlı tələbə qəbul etməyə və Azərbaycan üçün yeni kadrlar yetişdirməyə hazır olduğunu Azərbaycan Daxili İşlər Nazirliyinin rəhbərliyinə çatdırılmasını xahiş edib.
Cari ildə Rusiya Federasiyası DİN-in Sankt-Peterburq Dövlət Universitetindən məzun olan tələbələr sırasında Azərbaycanla yanaşı, Qırğızıstan, Tacikistan, Əfqanıstan və digər dövlətlərin vətəndaşları yer alıb.
Sonda baş konsul Sultan Qasımov Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Dövlət Universitetinin rəhbəri, general-leytenant Vasiliy Kudin, generallar, məzunlar və digər tədbir iştirakçıları ilə birlikdə xatirə şəkilləri çəkdirib.