MƏDƏNİYYƏT
Rusiya Federasiyasının Xalq Artisti Valeriya Bakıdakı konsertində məşhur hitləri ilə yanaşı, yeni mahnılarını da təqdim edəcəkdir VİDEO
Bakı, 16 aprel (AZƏRTAC, Pərvanə Rəhimova). Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Xalq Artisti Valeriya aprelin 17-də Heydər Əliyev Sarayında solo konsert proqramı ilə çıxış edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə aprelin 16-da Bakıda məşhur müğənninin mətbuat konfransı keçirilmişdir.
Konsertin təşkilatçısı “Buta” İncəsənət Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə direktoru Fuad Hətəmov bildirmişdir ki, aprelin 17-də Heydər Əliyev Sarayında keçiriləcək konsert Rusiyanın Xalq Artistinin doğum gününə həsr olunmuşdur.
Tədbirin iştirakçılarını salamlayan Valeriya doğum günündə solo konsert proqramı ilə məhz Bakıda çıxış etməsindən çox xoşbəxt olduğunu vurğulamışdır. Valeriya bildirmişdir ki, hər dəfə Bakıya gələndə mütləq İçərişəhərə baş çəkirəm. İlk səfərindən İçərişəhərə vurulduğunu xüsusi qeyd edən məşhur müğənni, burada gəzməkdən doymadığını demişdir.
Jurnalistlərin suallarını cavablandıran Valeriya, konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin və Dövlət Xor Kapellasının müşayiəti ilə tamaşaçılara məşhur hitləri ilə yanaşı, tamamilə yeni mahnılar da təqdim edəcəyini bildirmişdir. Həmçinin konsertdə Valeriyanın 15 yaşlı oğlu Arseni pianoda görkəmli macar bəstəkarı Ferens Listin “Altıncı rapsodisi”ni ifa edəcəyi diqqətə çatdırılmışdır.
Konfransda Valeriyanın həyat yoldaşı və prodüseri İosif Priqojin ailəlikcə Bakını sevdiklərini demişdir. İosif Priqojin bildirmişdir ki, insanları təkcə iqtisadi maraqlar deyil, həm də idman və mədəniyyət birləşdirir. Bu baxımdan Bakıda təqdim edəcəyimiz konsert proqramının Azərbaycan və Rusiya xalqları arasında mədəniyyət əlaqələrinin daha da genişlənməsinə təkan verəcəyinə ürəkdən inanırıq.