ORDU
Rusiya Federasiyasının hərbi gəmisi Bakıya səfər edəcək
Bakı, 26 sentyabr, AZƏRTAC
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin sentyabrın 27-də Bakıya səfəri planlaşdırılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.
Rusiya nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə səfəri, eləcə də “ADEX-2016” ikinci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır.
Səfər sentyabrın 30-dək davam edəcək.