MƏDƏNİYYƏT
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Sankt-Peterburqun “Terem-kvartet” kollektivinin konserti olub
“Terem-kvartet” kollektivinə rus xalq musiqi alətlərində ifa edən sənətçilər - Andrey Konstantinov (kiçik domra), Andrey Smirnov (bayan ifaçısı və konsertin aparıcısı), Mixail Dzyudze (balalayka-kontrabas), Aleksey Barşev (domra-alt) və Mariya teatrının solisti Oksana Şilova daxildir.
RİMM-də AZƏRTAC-a bildiriblər ki, konsertin əvvəlində qonaqlar İohann Baxın və Frans Şubertin əsərlərini öz aranjemanlarında improvizə etməklə tamaşaçıları yaxşı mənada heyrətləndiriblər. Beynəlxalq müsabiqələr laureatı Oksana Şilova rus xalq mahnıları, romanslar və ariyalar ifa edib.
Virtuoz musiqiçilər “kino musiqisi” seriyasından bir neçə əsər, o cümlədən doğma Sankt-Peterburq haqqında kinofilmlərdən musiqi parçaları ifa ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Leninqradın blokadasının iştirakçıları İctimai Birliyinin sədri İrina Qədimova Sankt-Peterburqdan olan artistlərə səmimi təşəkkürlərini bildirərək, onları qonaqpərvər Azərbaycana yenə gəlməyə, burada yeni konsertlər verməyə dəvət ediblər.
“Terem-kvartet” kollektivi mövcud olduğu illər ərzində 60-dan çox ölkədə üç minə yaxın konsert verib. Dəfələrlə Azərbaycanda, o cümlədən Bakıda və Qəbələdə konsertlər vermiş bu kollektiv öz çıxışları ilə bizim tamaşaçıları da sevindirib.
Budəfəki konsert Rusiya Mədəniyyət Nazirliyi və “Rossotrudniçestvo” agentliyi tərəfindən təşkil edilmişdi.