ELM VƏ TƏHSİL
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin rəhbərliyi Bakı və Qobustan məktəblərində olub
RİMM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi rəhbərinin müavini Aleksey Konnov və Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina ilk zəng günü Bakıdakı 132-134 nömrəli təhsil kompleksində və 27 nömrəli məktəbdə olublar. “Dostluq qanadlarında” vətənpərvərlik mövzusunda açıq dərslər keçilib.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov isə Qobustan rayonundakı 1 nömrəli məktəbdə olub. Məktəbin əsası 150 il əvvəl məşhur maarifçi Aleksey Çernyayevski tərəfindən qoyulub. Hazırda bu təhsil müəssisəsi onun adını daşıyır. Aleksey Çernyayevski Azərbaycanda doğulub, onun valideynləri – kəndli malakanlar buraya çarın fərmanı ilə Saratov quberniyasından gəliblər. A.Çernyayevski azərbaycanlılar üçün ilk rus dili dərsliyinin müəllifidir. Azərbaycan Təhsil Nazirliyi nəzdindəki təhsil muzeyində bütöv bir bölmə bu insana həsr olunub.
Yeni dərs ilinin başlanması bayramı eyni zamanda iki dildə - Azərbaycan və rus dillərində keçirilib. Yeni dərs ilində rus dili üzrə respublika olimpiadası çərçivəsində A.Çernyayevskiyə həsr olunan esse müsabiqəsi keçiriləcək.
Rus dili və ədəbiyyatı müəllimi Səidə Kərimova, Qobustan Rayon İcra Hakimiyyəti başçısının müavini Allahyar Atakişiyev, Qobustan Rayon İcra Hakimiyyəti başçısı yanında Aparatın məsləhətçisi Avtandil Şikarov və Valideynlər Assosiasiyasının sədri Təhmiraz Ağaquliyev valideyn və şagirdlər qarşısında çıxış ediblər. Bayram mərasimində Təhsil Nazirliyinin nümayəndəsi Natiq Əliyev də iştirak edib.