ELM VƏ TƏHSİL
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi nəzdində rusi dili üzrə metodiki təlim mərkəzi işə başlayıb
RİMM-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Təhsil Nazirliyinin rus dilinin dərindən öyrənilməsi üzrə pilot layihəsində iştirak edən məktəblərin rus dili müəllimləri üçün birinci metodiki seminar keçirilib.
Bu ildən etibarən mərkəz internetin imkanlarından fəal şəkildə istifadə edərək videokonfranslar keçirmək niyyətindədir. Bu dəfə videokörpü Bakıda RİMM və Lənkəran şəhərindəki 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyi arasında baş tutub. Bakı studiyasında bir sıra paytaxt məktəblərinin nümayəndələri də iştirak ediblər.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Aleksey Konnov təbrik nitqi ilə seminar iştirakçılarına müraciət edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nümayəndəsi, rus dilinə dair bir sıra dərsliklərin və dərs vəsaitinin müəllifi Nailə Bədəlova yeni dərs ilinin məqsəd və vəzifələrindən söz açıb. Dilbər Məmmədova, Elmira Abbasova, Namiyab Əliyeva və Lütfiyyə İsgəndərova iş təcrübələrini bölüşüblər. Lənkərandakı studiyada 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyin direktoru Yeganə Babayeva çıxış edib.
Çıxışlardan sonra maraqlı diskussiya olub. Milli məktəblərdə rus dilinin tədrisinin daha da təkmilləşdirilməsinə dair metodiki tövsiyələr nəzərdən keçirilib.