MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Mstislav Rostropoviçə həsr olunan yaradıcılıq gecəsi
Bakı, 30 mart, AZƏRTAC
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçə həsr olunan yaradıcılıq gecəsi keçirilib.
AZƏRTAC RİMM-in saytına istinadla xəbər verir ki, "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov görkəmli sənətkarın yaradıcılığından söz açıb, onun Rusiyaya və həmyerlilərinə həssas münasibətindən maraqlı faktlar söyləyib.
Tədbirdə Azərbaycanın Əməkdar İncəsənət Xadimi, kinorejissor Ziya Şıxlinskinin M.Rostropoviçə həsr edilmiş “Doğma diyar” (2003) filmi göstərilib.
Qeyd edək ki, filmin nümayişindən əvvəl Ziya Şıxlinski və tarixçi Tamara Hümbətova ekran əsərinin yaradılması, süjetlərin seçilməsi haqqında məlumat veriblər.
Bülbül adına musiqi məktəbinin şagirdləri M.Rostropoviçin əsərlərini səsləndiriblər.
M.Rostropoviçin anadan olmasının 90 illik yubileyi münasibətilə RİMM-də görkəmli violonçel ifaçılarından bəhs edən “Rus violonçel məktəbi” adlı sərgi açılıb. Sərgi “Rossotrudniçestvo” və M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzeyləri Birliyi tərəfindən təqdim edilib.