MƏDƏNİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Ziya Şıxlinskinin “İthaf” filminin premyerası olub
Filmin üzərində rejissor Ziya Şıxlinski, montaj rejissoru Mübariz Nağıyev və operator Yuri Varnovski işləyiblər. Filmin müəllifləri 20 dəqiqə ərzində o illərdə Ə.Ləmbəranskinin rəhbərliyi altında Bakı şəhərində unikal abadlaşdırma layihələrinin həyata keçirilməsi barədə tamaşaçını məlumatlandırmağa müvəffəq olublar. Sənədli filmdə yer alan tarixi xronika təsdiq edir ki, müasir Bakı bulvarının ümumi görünüşünün, bu gün də insanı valeh edən bir çox binalar Ə.Ləmbəranskinin Bakı şəhərinə rəhbərlik etdiyi illərdə tikilib.
Tamaşaçılar filmi sürəkli alqışlarla qarşılayıblar. Ə.Ləmbəranski ilə bağlı təəssüratlarını bölüşmək istəyənlər arasında vaxtilə onunla birlikdə çalışan və dostluq edənlər də az deyildi. 1992-1993-cü illərdə Azərbaycan Respublikası hökumətinin sədri olmuş Rəhim Hüseynov, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının şöbə müdiri professor Namiq Axundov, Azərbaycanın Əməkdar İncəsənət Xadimi, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının sabiq direktoru Rafiq Seyidzadə məhz belə insanlardandır. Bakının və Azərbaycanın arxiyepiskopu Aleksandr İşein tədbir iştirakçılarına Bakı və onu dünyanın mədəni mərkəzlərindən birinə çevirən insanlar barədə xoş sözlərlə müraciət etdi.
Filmin nümayişində Ə.Ləmbəranskinin nəticəsi iştirak edirdi. Onun da adı Əliş Cəmil oğlu Ləmbəranskidir. Z.Şıxlinski ailə arxivi üçün filmin bir surətini ona təqdim etdi.