CƏMİYYƏT
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü qeyd edilib
Bakı, 21 iyul, AZƏRTAC
22 İyul - dMilli Mətbuat Günü ərəfəsində Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycanın kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin başçısı Valentin Denisov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara birgə fəaliyyətə görə təşəkkür edib və yaradıcılıq uğurları arzulayıb. O, 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin birinci nömrəsinin işıq üzü görməsi ilə əsası qoyulan Azərbaycan jurnalistikasının yaranması tarixindən danışıb.
V.Denisov Rusiya Jurnalistlər İttifaqının sədri Vsevolod Boqdanovun Azərbaycandakı həmkarlarına təbrik məktubunu oxuyub. Məktubda Azərbaycan jurnalistlərinin peşəkarlığı, həyatın bütün sahələrində Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsində onların rolu yüksək qiymətləndirilib.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycan nümayəndəliyinin və Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin tədbirlərinin geniş işıqlandırılmasına görə Azərbaycanın bir qrup KİV nümayəndəsinə, o cümlədən AZƏRTAC-ın aparıcı müxbiri Salehə Əliyevaya fəxri fərmanlar təqdim edilib.
Bakı Musiqi Akademiyasının tələbələri Səid Səmədov (klarnet) və Atabala Manafzadə (royal) jurnalistləri musiqi ilə təbrik ediblər.
RİMM Milli Mətbuat Günü münasibətilə Azərbaycan və Rusiya jurnalistlərinin əməkdaşlığı haqqında fotosərgi hazırlayıb. Stendlərdə Azərbaycanda nəşr olunan qəzet və jurnallar da təqdim edilib.
Görüş çay süfrəsi arxasında davam edib.