DÜNYA
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bakı, 16 dekabr, AZƏRTAC
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini dəyişdirməyərək illik 10 faiz səviyyəsində saxlayıb.
AZƏRTAC “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, inflyasiya və iqtisadi fəallığın dinamikasının bütövlükdə proqnozlara uyğun olduğunu hesab edən Mərkəzı Bank inflyasiya risklərinin bir qədər azaldığını qeyd edib.
Uçot dərəcəsinin sabit saxlanması 2017-ci ilin sonuna qədər inflyasiyanı məqsədli səviyyədə 4 faizədək ləngidə bilər.
İlin əvvəlindən Mərkəzi Bank iyun və sentyabr aylarında uçot dərəcəsini iki dəfə azaldıb. Direktorlar Şurasının oktyabrdakı iclasında bu göstərici əvvəlki 10 faiz səviyyəsində qalıb.
Rusiya Bankının rəhbəri Elvira Nabiullina bəyan edib ki, öz siyasətinin yumşaldılmasına 2017-ci ilin I-II rübündən tez olmayaraq başlayacaq.