DÜNYA
Rusiya Müdafiə Nazirliyi İsveçi regionda gərginliyi artırmaqda təqsirləndirir
Rusiya Müdafiə Nazirliyi Stokholm arxipelaqı rayonunda ölkəsinə məxsus sualtı qayığın olmasını növbəti dəfə təkzib edib. Rəsmi Moskva İsveçin xarici ölkəyə məxsus sualtı qayığın axtarış əməliyyatı çərçivəsində güc tətbiq etməyə hazır olması barədə səsləndirdiyi bəyanata cavab olaraq bu ölkəni regionda gərginliyi artırmaqda təqsirləndirib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, cümə günü Rusiya Müdafiə Nazirliyinin təmsilçisi İqor Konaşenkov İsveç hərbi idarəsinin soyuq müharibə ruhlu ritorika ilə qızışdırılan əsassız iddialarının regionda gərginliyin artmasına gətirib çıxardığını bildirib.
Xatırladaq ki, İsveç hərbçiləri güman edilən sualtı qayığın axtarışını havadan, dənizdən, həmçinin qurudan davam etdirirlər.
Bir müddət əvvəl İsveç Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Anders Qrenstad sualtı qayığın aşkar ediləcəyi təqdirdə onun su üzərinə çıxması üçün silah tətbiq oluna biləcəyi haqda bəyanat vermişdi.