İQTİSADİYYAT


Rusiya “OPEC+” sazişini yenidən nəzərdən keçirməyə hazırdır

Bakı, 7 iyul, AZƏRTAC

Rusiya OPEC (Neft İxrac edən Ölkələr Təşkilatı) və qeyri-OPEC ölkələri tərəfindən neft hasilatının azaldılması barədə sazişin (OPEC+) icrasının monitorinqi üzrə nazirlər komitəsinin görüşündə tərəfdaşların sazişin parametrlərinin dəyişdirilməsinə dair təkliflərini zərurət yaranarsa, nəzərdən keçirməyə hazırdır. AZƏRTAC “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Energetika Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

O deyib: “Görüşdə gələcək və ya əlavə addımlara dair hər bir təklif onun məqsədəuyğunluğu və zəruriliyi nöqteyi-nəzərindən nəzərdən keçirilə bilər. Rusiya tərəfdaşların təkliflərini, o cümlədən zərurət yaranarsa, sazişin müəyyən parametrlərinin dəyişdirilməsinə dair təklifləri nəzərdən keçirməyə hazırdır”.

O deyib: “Hər hansı başqa traktovka və ya ölkələrin hələ daxil olmamış təkliflər istiqamətində addımlarını qiymətləndirmək cəhdi reallıqdan uzaq spekulyasiyadır”.

Nazirlər komitəsinin növbəti görüşü iyulun 24-də Sankt-Peterburqda nəzərdə tutulub. Burada bir sıra məsələlər, o cümlədən iyun ayı üzrə monitorinqin son məlumatları əsasında məsələlər müzakirə ediləcək.

OPEC ölkələri ötən il noyabrın 30-da Vyanada neftin qiymətlərini sabitləşdirmək məqsədi ilə gündəlik hasilatı 1,2 milyon barrel azaldaraq 32,5 milyon barrelə çatdırmaq barədə razılığa gəliblər. Qeyri-OPEC ölkələri isə dekabrın 10-da gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılaşıblar. 2017-ci il mayın 25-də OPEC Ölkələri Nazirlər Şurasının 172-ci iclasında OPEC və qeyri-OPEC ölkələri neft hasilatının azaldılması müddətinin 2018-ci ilin birinci rübünün sonuna qədər uzadılması barədə razılaşma əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.