SİYASƏT
Rusiya Prezidenti Vladimir Putin Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
Bakı, 27 may, AZƏRTAC
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 28 May - Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda Prezident Vladimir Putin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir.
Məktubda deyilir: “Sizin ölkəniz sosial-iqtisadi, elmi-texniki və mədəni inkişaf yolu ilə inamla irəliləyir. Azərbaycanın dünya arenasında nüfuzu artır.
Möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyəsini məmnuniyyətlə qeyd edirəm. Əminəm ki, biz konstruktiv siyasi dialoqun genişlənməsini, bütün istiqamətlərdə səmərəli əməkdaşlığın güclənməsini bundan sonra da birgə səylərimizlə təmin edəcəyik. Bu, ölkələrimizin əsaslı maraqlarına cavab verir, beynəlxalq sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi məcrasında inkişaf edir”.
Məktubun sonunda Rusiya Prezidenti dövlətimizin başçısına möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün Azərbaycan xalqına isə sülh və firavanlıq arzu edir.