CƏMİYYƏT


Rusiya Sosial Sığorta Fondunun nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının Sosial Sığorta Fondunun nümayəndə heyətinin ölkəmizə səfəri başlayıb. Səfər çərçivəsində nümayəndə heyəti üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində təlim seminarı keçirilir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu gün öz işinə başlayan seminar Rusiya Federasiyasının Sosial Sığorta Fondunun Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətinə əsasən təşkil edilib. Rusiya Federasiyası Hökumətinin sədr müavini Olqa Qolodetsin cari ilin sentyabr ayında Azərbaycana səfəri çərçivəsində əmək müqavilələrinin elektron qeydiyyat sisteminin yaradılması sahəsində ölkəmizin uğurlu təcrübəsinin öyrənilməsinə böyük maraq ifadə olunub. Bununla əlaqədar Fondun əməkdaşları üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemləri barədə təlim seminarının təşkil edilməsi xahiş olunub.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnformasiya texnologiyaları şöbəsinin müdiri Elnur Məcidov son illərdə ölkəmizin sosial müdafiə sistemində informasiya kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiqi yönündə aparılan işlər barədə məlumat verib. Bildirilib ki, İKT-nin tətbiqi nəticəsində ölkədə Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi yaradılıb. Nəticədə bu sahələrdə həm idarəçiliyin avtomatlaşdırılmış rejimdə fəaliyyəti, həm də əhaliyə xidmətlər elektron müstəvidə təşkil olunub. Bu işlərlə bağlı Rusiyanın Sosial Sığorta Fondu ilə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini vurğulayıb, hazırkı seminarın bu baxımdan yaxşı imkan yaratdığını qeyd edilib.

Rusiya nümayəndə heyəti tərəfindən Azərbaycanda əmək və sosial müdafiə sahələrində elektronlaşdırılmış sistemlərin öyrənilməsinə böyük maraq göstərildiyi bildirilib. Hazırda Rusiya Sosial Sığorta Fondu tərəfindən də fəaliyyət sahələrinin avtomatlaşdırılması işlərinin aparıldığı qeyd olunaraq, ölkəmizin bu sahədə təcrübəsindən faydalanmaq niyyəti vurğulanıb.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin avtomatlaşdırılmış idarəetmə və xidmətlər sistemləri, əmək və sosial müdafiə, o cümlədən sığorta-pensiya sahələrində yaradılmış elektron infrastruktur, o cümlədən əmək müqavilələrinin elektron qeydiyyat sisteminə dair təqdimatların keçirilməsi nəzərdə tutulub. Bu sistemlərin funksional imkanları, aidiyyəti məsələlərin elektron müstəvidə həlli mexanizmləri barədə seminar iştirakçılarına məlumatlar verilməsi, nümayəndə heyətinin suallarının cavablandırılması da seminarın gündəliyinə daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.