CƏMİYYƏT
Rusiya əhalisinin təbii azalması sürətlənib
Bakı, 17 avqust, AZƏRTAC
Rusiyada ölüm səviyyəsinin azalmasına baxmayaraq, hələ də dünyadan köçənlər sayı yeni doğulanların sayını üstələyir. Ölüm səbəbləri arasında isə xərçəng və ürək-damar xəstəlikləri aparıcı yer tutur.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı medportal.ru saytı Rusiya Dövlət Statistika Komitəsinə istinadən yayıb.
Məlumatda bildirilir ki, ölənlərin hər beş nəfərindən biri əməkqabiliyyətli kişilərdir. Ekspertlər hesab edirlər ki, ölüm və sağlamlıq təbabətlə qismən bağlı məsələdir, burada ekologiyanın, həyat tərzinin, genetik amillərin rolu daha çoxdur. Buna görə də ölüm hallarının hiss ediləcək qədər azaldılması üçün səhiyyə sistemini inkişaf etdirmək azdır.
“Xalqın qorunması uğrunda” İctimai Birliyinin rəhbərlərindən olan Rusiya Elmlər Akademiyasının üzvü Sergey Kolesnikov hesab edir ki, aylar, rüblər və ya yarımilliklərin yekunları əsasında hər hansı nəticəyə gəlmək düzgün deyildir: “Bu rəqəmlər, əlbəttə, müxtəlif cür yozulur. Nəzərə almaq lazımdır ki, ölüm halları, ola bilsin ki, azalsın, amma doğum azaldığı üçün əhalinin sayı aşağı düşür. Buna görə də bir göstərici əsasında təhlil aparmaq yanlışdır. Daha yaxşısı ilin yekununu gözləmək və göstəriciləri əvvəlki illərlə müqayisə etməkdir”.
“Zdorovye” Müstəqil Monitorinq Fondunun məlumatına görə, 2012-ci ildən sonra ilk dəfə 2016-cı ildə əhalinin təbii artımında müsbət göstərici qeydə alınmayıb, 2017-ci ilin birinci rübündə isə əhalinin təbii azalması 92,8 min nəfərə çatıb. Əhali arasında ölümün yüksək göstəriciləri son illərdə rusiyalıların ömür müddətinin əvvəlcədən planlaşdırılan artımına nail olmağa imkan vermir. Fondun mütəxəssisləri statistik məlumatları təhlil edərək aydınlaşdırıblar ki, 2016-cı ildə ölkədə əhalinin təbii artımı sıfıra bərabər olub. Hər 1000 nəfərə doğum və ölüm əmsalı da eyni rəqəmlə ifadə edilib -12,9. Fondun açıqlamasına görə, kəndlər üzrə statistika daha çox təşviş doğurur. Ekspertlərin fikrincə, demoqrafik vəziyyətin yaxşılaşdırılması üçün tədbirlər görülməsə, Rusiyada əhalinin təbii azalması 2025-ci ildə 291,7 min nəfər təşkil edəcək.