MƏDƏNİYYƏT
Rusiya filmləri həftəsinin daha bir qonağı Bakıya gəlib
Bakı, 5 oktyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Bakıda oktyabrın 1-dən 7-dək Rusiya filmləri həftəsi keçirilir. Tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və "Kinofest" prodüser mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Rusiyanın ölkəmizdəki səfirliyinin və Nizami Kino Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Nizami Kino Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, kino həftənin üçüncü günü Bakıda qonaq olan Rusiyanın tanınmış prodüser, rejissor, ssenarist və ictimai xadimi Aleksey Pimanov çəkdiyi "Oveçka Dolli bıla zlaya i rano umerla" filminin nümayişdən qabaq, tamaşaçıların qarşısında çıxış edib.
Filmini təqdim edən A.Pimanov həmçinin, Bakının müasir, gözəl şəhər olduğunu və paytaxt sakinlərinin qonaqpərvərliyini xüsusi qeyd edib.
Kriminal, komediya və macəra janrında olan bu filmə 1980-ci illərin ironiyalı nostaljisi hopub. Komsomol diskotekaları, qazlı su avtomatları, elmi kommunizmdən verilən imtahanlar, gitara sədaları altında oxunan düşərgə mahnıları, kolbasa almaq üçün düzülən növbələr...
Keçmişin şirin xatirəsinin təsviri filmin ən yaxşı səhnələrindəndir.
Qeyd edək ki, Rusiya filmləri həftəsi çərçivəsində hər gün saat 18:40-da Nizami Kino Mərkəzinin böyük zalında nümayiş olunan filmlərə giriş sərbəstdir.