İQTİSADİYYAT
Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarının sabitləşməsini nəzərdə tutan bəyanat imzalayıb
Bakı, 5 sentyabr, Nihad Budaqov, AZƏRTAC
Rusiya ilə Səudiyyə Ərəbistanı neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin edilməsi üçün digər neft istehsalçıları ilə birgə fəaliyyət haqqında razılığa gəliblər.
AZƏRTAC “TASS” informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falihin imzaladığı birgə bəyanatda deyilir.
“Nazirlər neft bazarında sabitliyin qorunması və uzunmüddətli perspektivdə sabit sərmayə səviyyəsinin təmin olunması məqsədilə iri istehsalçı ölkələr arasında konstruktiv dialoq və sıx əməkdaşlığın xüsusi vacibliyini qeyd ediblər. Bununla əlaqədar, nazirlər digər neft istehsalçıları ilə birgə və ya kooperasiyada fəaliyyət göstərmək haqqında razılığa gəliblər”, - deyə bəyanatda qeyd edilir.
Həmçinin nazirlər neft bazarında vəziyyət üzrə məsləhətləşmələrin davam etdirilməsi və birgə monitorinq işçi qrupunun yaradılması barədə razılaşıblar.