CƏMİYYƏT
Rusiya jurnalı Azərbaycan-Rusiya əməkdaşlığından yazır
Bakı, 10 noyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Rusiyanın nüfuzlu “Sovremennaya nauçnaya mısl” elmi jurnalının Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş xüsusi nömrəsi çapdan çıxıb. Bu jurnal Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun (ETTİHİ) elmi nəşrlərindən biridir.
AZƏRTAC xəbər verir ki, Rusiya institutunun idarə heyəti və jurnalın redaksiyası Azərbaycanın milli bayramı ərəfəsində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurası ilə birlikdə Azərbaycanın tarixi məsələlərinə və müasir nailiyyətlərinə həsr olunmuş xüsusi tematik nömrə hazırlamaq barədə qərar qəbul ediblər. Nömrədə Elmi-Tədqiqat Tarix, İqtisadiyyat və Hüquq İnstitutu: müstəqil qeyri-kommersiya təşkilatının inkişaf təcrübəsi (2012-2016-cı illər)” məqaləsi verilib.
Pedaqoji elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının akademik-katibi Stanislav Lomovun və pedaqoji elmlər doktoru, Amur Dövlət Universitetinin professoru Boris Karevin məqaləsində ETTİHİ-nin təşəkkülü və fəaliyyətinə dair qısa məlumat verilib. Professor S.Lomov və B.Karev qeyd edirlər ki, Azərbaycan alimləri ilə əməkdaşlıq ETİ üçün son dərəcədə məhsuldar olub. Jurnalın azərbaycanlı müəllifləri arasında S.Əliyev, M.Əliyev, L.Hüseynov, E.Vahabov, T.Kərimov, H.Məmmədov, Q.Məmmədov, V.Muradov, V.Nəsirli, N.Eyvazov və başqa alimlərin adları çəkilir.
S.Lomov və B.Karev yazırlar ki, AMEA-nın müxbir üzvü, Tarix İnstitutunun direktoru, Əməkdar Elm Xadimi Yaqub Mahmudovun “Sovremennaya nauçnaya mısl” jurnalının 2015-ci il tarixli üçüncü nömrəsində dərc olunmuş “1917-1920-ci illərdə Azərbaycan xalqının soyqırımı” məqaləsi oxucular tərəfindən çox böyük maraqla qarşılanıb.
Jurnal Azərbaycanın digər təhsil və elm ocaqlarının (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Lənkəran Dövlət Universiteti və s.) alimlərinin əsərlərinə də öz səhifələrində yer verir.
Müəlliflər AMEA-nın Tarix İnstitutu ilə əlaqələrin inkişafı kontekstində institutun “Azərbaycan-Rusiya münasibətlərinin tarixi” şöbəsinin fəaliyyətinin xüsusi əhəmiyyətini qeyd edirlər. Şöbə müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva “Sovremennaya nauçnaya mısl” jurnalının redaksiya heyətinin üzvüdür. Rusiyalı professorlar yazırlar ki, şöbənin əməkdaşlarının səyləri ilə bir sıra maraqlı məqalələr dərc olunub, Azərbaycan-Rusiya qarşılıqlı əlaqələri tarixinin birgə öyrənilməsi problemlərinə həsr olunmuş tədbirlər keçirilib. Məsələn, 2016-cı ilin iyununda Moskvada birgə təşkil edilən “Antiböhran siyasətinin aktual problemləri: nəzəriyyə, tarix, müasirlik” mövzusunda beynəlxalq konfrans bu əməkdaşlığa nümunədir.