ELM VƏ TƏHSİL
Rusiya jurnalının Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə dair xüsusi buraxılışı nəşr olunub
Bakı, 14 sentyabr, AZƏRTAC
Rusiyanın nüfuzlu elmi nəşrlərindən olan “Müasir elmi fikir” (“Современная научная мысль”) jurnalının Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyinə həsr edilən xüsusi buraxılışı dərc olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A. A. Bakıxanov adına Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu elmi jurnalın təsisçisi Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutu, baş redaktoru isə professor İqor Turitsındır.
Jurnalın xüsusi buraxılışı AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudovun “Prezident İlham Əliyev – müasir inkişafın Azərbaycan modelinin qurucusu” adlı məqaləsi ilə başlayır. Məqalədə Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti haqqında geniş məlumat verilir. Tarixçi-alim məqalədə yazır: “Prezident İlham Əliyev bütün dünyaya bəyan edir ki, ermənilər Cənubi Qafqaza XIX əsrin əvvəllərindən başlayaraq köçürülüb gətirilmişlər”.
Y.Mahmudov məqalədə bildirir ki, Prezident İlham Əliyev artıq Azərbaycan tarixinə qurucu Prezident kimi daxil olub.
Eyni zamanda, jurnalda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, tarix üzrə fəlsəfə doktoru Ərəstun Mehdiyevin “Azərbaycan Respublikasının neft siyasətinin formalaşdırılması və reallaşdırılması”, tarixçi-alimlər Cəbi Bəhramovun “Heydər Əliyevin investisiya siyasətində neft amili”, Sevinc Əliyevanın “Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığı müstəqillik dövründə (1991-2016)”, Firdovsiyyə Əhmədovanın “Müasir Azərbaycan dövlətçiliyində Azərbaycan Demokratik Respublikasının ənənələri”, Türkiyənin Karabük Universitetinin dosenti Əli Əsgərin “Həsən bəy Zərdabi – Azərbaycan milli mətbuatının banisi”, professorlar Rauşanbek Absattarov və İohann Raunun “XIX əsr–XX əsrin əvvəllərində ermənilərin Azərbaycan xanlıqlarına köçürülməsi: məsələnin tarixinə dair” və s. adlı məqalələri yer alıb.
“Müasir elmi fikir” jurnalı vasitəsilə baş redaktor İ.Turitsın, akademik Rafael Hakimov, professorlar İohann Rau, Rauşanbek Absattarov və başqaları Azərbaycan xalqını müstəqilliyimizin 25 illiyi münasibətilə təbrik ediblər.
Qeyd edək ki, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva jurnalın redaksiya heyətinin üzvüdür.